Prezident İlham Əliyevin Davos müsahibəsində enerji təhlükəsizliyi məsələləri mühüm yer tutdu. Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda enerji ehtiyatlarını ixrac edən aparıcı ölkə olduğunu qeyd edərək, Avropa ilə əməkdaşlığın davamlı şəkildə genişləndiyini bildirdi. On altı ölkəyə qaz tədarükü Azərbaycanın qlobal enerji bazarlarında rolunun artdığını göstərir.

Müsahibədə ölkənin müasir boru kəmərləri şəbəkəsi və nəqliyyat infrastrukturu xüsusi vurğulandı. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa ölkələri ilə qurulan etimada əsaslanan tərəfdaşlıq onların enerji təhlükəsizliyini gücləndirir, Azərbaycan üçün isə gəlirli bazarlara çıxış imkanı yaradır. Eyni zamanda ixrac marşrutlarının şaxələndirilməsi strategiyanın mühüm hissəsidir.
Dövlət başçısı regionda sabitliyin enerji bazarları üçün də vacib olduğunu bildirdi. Qonşu ölkələrdə baş verən proseslərin diqqətlə izlənildiyini qeyd edən Prezident İlham Əliyev proqnozlaşdırılan mühitin həm istehsalçılar, həm də istehlakçılar üçün əsas şərt olduğunu vurğuladı.
Ümumilikdə, Davosdan səslənən mesajlar göstərir ki, Azərbaycan enerji resurslarından təkcə iqtisadi deyil, həm də strateji alət kimi istifadə edərək regional və qlobal təhlükəsizliyə töhfə verir. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunu gücləndirən əsas faktor kimi çıxış edir.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın