Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə qlobal siyasi mühitdə baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini nümayiş etdirdi. Dövlət başçısı beynəlxalq hüququn artıq hamı üçün eyni şəkildə işləmədiyini vurğulayaraq, bu reallıqda ölkələrin milli maraqlara əsaslanan siyasət qurmasının vacibliyini qeyd etdi. Azərbaycanın strategiyası isə hüquqa sadiq qalmaqla yanaşı, real güc balanslarını nəzərə alan praqmatik yanaşma kimi təqdim olundu.

Müsahibədə suverenliyin və ərazi bütövlüyünün bərpasının beynəlxalq normalara uyğun həyata keçirildiyi xüsusi vurğulandı. Prezident İlham Əliyev bu proseslərin regionda yeni siyasi mühit yaratdığını və Cənubi Qafqazda sülh üçün real imkanlar açdığını bildirdi. Ermənistanla münasibətlərdə əməkdaşlıq mərhələsinə keçid, nəqliyyat və enerji sahəsində atılan addımlar bu xəttin praktiki nəticələri kimi göstərildi.
Dövlət başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq qonşu coğrafiyalarda sabitliyin qorunmasının əsas prioritet olduğunu qeyd etdi. Enerji bazarlarında sabitliyin qorunmasının vacibliyi, Avropa ilə genişlənən əməkdaşlıq və balanslı xarici siyasət kursu Azərbaycanın yeni dünya düzənində mövqeyini gücləndirən amillər kimi səsləndirildi.
Rəfail Məmmədov
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın