Cənubi Qafqaz regionunda enerji balansının formalaşmasında Azərbaycanın xüsusi çəkisi var. Prezident İlham Əliyevin Davosda verdiyi müsahibədə qeyd etdiyi kimi, ölkəmiz regionda zəngin enerji ehtiyatlarına sahib olan və onları qonşu dövlətlərə ixrac edən yeganə aktordur. Bu fakt Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda geosiyasi mövqeyini xeyli gücləndirir.

Dövlət başçısı Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın artdığını diqqətə çatdırdı. On altı ölkəyə qaz tədarükü həyata keçirən Azərbaycan, boru kəmərləri vasitəsilə qaz ixracının coğrafiyasına görə dünyada öncül mövqedə dayanır. Bu göstəricilər ölkənin enerji bazarlarında sabit və etibarlı tərəfdaş kimi qəbul olunmasının nəticəsidir.
Prezident İlham Əliyev Azərbaycanın müasir yanacaq-enerji infrastrukturu, nəqliyyat şəbəkəsi və ixrac marşrutları hesabına Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirdi. Avropa bazarının qiymət baxımından cəlbediciliyi Azərbaycanın strateji planlamasında mühüm yer tutur. Bununla yanaşı, ixracın diversifikasiyası siyasəti çərçivəsində yeni istiqamətlər də formalaşdırılır.
Azərbaycanın enerji siyasəti təkcə iqtisadi gəlirlərlə məhdudlaşmır. Bu siyasət ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir, regional əməkdaşlığı genişləndirir və respublikanı qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirir.
Məmmədli Nəzirə
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın