Prezident İlham Əliyevin Davosdan səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində gedən proseslərin obyektiv qiymətləndirilməsi kimi diqqət çəkdi. Dövlət başçısı beynəlxalq hüququn selektiv tətbiqinin yaratdığı çətinliklər fonunda hər ölkənin öz milli maraqlarını qorumaq üçün realist strategiya formalaşdırmalı olduğunu qeyd etdi. Azərbaycanın bu baxımdan ardıcıl və ölçülmüş siyasət yürütməsi ön plana çıxarıldı.

Müsahibədə Azərbaycanın son illərdə atdığı addımların hüquqi əsaslara söykəndiyi xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, suverenliyin və ərazi bütövlüyünün bərpası prosesində beynəlxalq normalar əsas götürülüb. Bu yanaşma ölkənin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsini möhkəmləndirən amillərdən biridir.
Regional təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı Cənubi Qafqazda sabitliyin qorunmasının strateji əhəmiyyət daşıdığını bildirdi. Ermənistanla sülhə doğru atılan addımlar, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi bölgədə yeni inkişaf imkanları yaradır. Azərbaycan bu mərhələdə əməkdaşlıq gündəmini prioritet hesab edir.
Müsahibənin ümumi məzmunu onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın yeni qlobal şəraitdə öz yerini rasional şəkildə müəyyən etdiyini sübut edir. Milli maraqlara söykənən yanaşma ölkənin beynəlxalq sistemdə mövqelərini gücləndirir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın