Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın Cənubi Qafqazda enerji sahəsində oynadığı əsaslı rolu bir daha diqqət mərkəzinə gətirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan regionda enerji ehtiyatlarına malik olan və bu resursları qonşu ölkələrə ixrac edən yeganə dövlətdir. Gürcüstanın uzun illərdir, Ermənistanın isə artıq yeni mərhələdə enerji ehtiyaclarını məhz Azərbaycandan qarşılaması ölkənin regional təsir imkanlarının artdığını göstərir.

Müsahibədə Avropa ilə enerji əməkdaşlığının genişlənməsi xüsusi yer tutdu. Prezident İlham Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqına daxildir. Boru kəməri ilə qaz ixracının coğrafi genişliyinə görə ölkəmizin dünya miqyasında ön sıralarda qərarlaşması Azərbaycanın transmilli enerji bazarlarında etibarlı tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir.

Dövlət başçısı Azərbaycanın yalnız təbii ehtiyatlarla deyil, həm də müasir nəqliyyat infrastrukturu və inkişaf etmiş boru kəmərləri şəbəkəsi ilə seçildiyini bildirdi. Avropa ölkələri ilə qurulan qarşılıqlı etimada əsaslanan münasibətlər onların enerji təhlükəsizliyini möhkəmləndirir, Azərbaycan üçün isə premium bazarlara çıxış imkanı yaradır. Bununla yanaşı, ölkənin ixrac coğrafiyasının genişləndirilməsi siyasəti Suriyaya başlayan qaz tədarükü ilə də özünü göstərir.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın qlobal enerji sistemində mövqeyini getdikcə gücləndirdiyini sübut edir. Etibarlılıq, ardıcıllıq və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan bu strategiya ölkənin beynəlxalq nüfuzunun əsas dayaqlarından biri kimi çıxış edir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.