Prezident İlham Əliyevin Davos müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq enerji sistemində oynadığı rolu ətraflı şəkildə ortaya qoydu. Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda enerji ehtiyatlarını ixrac edən yeganə ölkə olduğunu vurğulayaraq, region ölkələrinin uzun illərdir bu resurslardan faydalandığını qeyd etdi. Bu, ölkənin regional enerji təhlükəsizliyinin əsas sütunlarından biri olduğunu göstərir.

Avropa ilə münasibətlərin enerji sahəsində dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin bildirdiyinə görə, Azərbaycan artıq on altı dövlətə qaz ixrac edir və onların böyük hissəsi Avropa İttifaqına daxildir. Boru kəmərləri vasitəsilə qaz tədarükünün geniş coğrafiyanı əhatə etməsi ölkənin beynəlxalq enerji bazarlarında mövqeyini daha da möhkəmləndirir.
Dövlət başçısı Azərbaycanın təbii ehtiyatlarla yanaşı, güclü nəqliyyat infrastrukturu və müasir enerji kəmərləri sisteminə malik olduğunu da diqqətə çatdırdı. Avropa ölkələri ilə qurulan etimada əsaslanan tərəfdaşlıq onların enerji təhlükəsizliyini gücləndirir, Azərbaycan üçün isə gəlirli bazarlara çıxış imkanı yaradır. Yeni ixrac marşrutlarının açılması bu strategiyanın davamlı xarakter daşıdığını sübut edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi mövqelər Azərbaycanın qlobal enerji arenasında etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu siyasət ölkənin həm iqtisadi potensialını artırır, həm də beynəlxalq nüfuzunu gücləndirir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın