20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Sovet ordusunun dinc əhaliyə qarşı tətbiq etdiyi amansız güc, tanklar və zirehli texnika ilə həyata keçirilən qırğın xalqın iradəsini sındıra bilmədi. Bu hadisə milli ləyaqətin, qəhrəmanlığın və azadlıq əzminin simvolu kimi tarixə düşmüşdür.

Hadisələrin əsas səbəbi regiondakı uzun müddət davam edən siyasi gərginlik idi. Ermənistanın ərazi iddiaları, azərbaycanlıların deportasiyası və Dağlıq Qarabağ məsələsində Sovet rəhbərliyinin yanlış və ədalətsiz siyasəti xalqın dinc etirazlarını zorla boğmağa yönəlmişdi. Bu, Sovet totalitarizminin Azərbaycandakı siyasi və hüquqi dayaqlarını sarsıdan açıq təzahür idi.
20 Yanvar nəticəsində yüzlərlə şəhid, minlərlə yaralı və qanunsuz həbs edilmiş insanlar yaddaşlara əbədi həkk olundu. Eyni zamanda, dövlət və şəxsi mülkiyyət dağıldı. Bu hadisələr xalqın milli iradəsinin və azadlıq mübarizəsinin nə qədər möhkəm olduğunu göstərdi.
Ümummilli Lider Heydər Əliyev faciəyə verdiyi prinsipial siyasi qiymətlərlə xalqın haqq səsini qorudu. Onun təşəbbüsü ilə şəhidlərin xatirəsi əbədiləşdirildi, hadisələrə hüquqi qiymət verildi və xalqın müstəqillik əzminin qorunması təmin edildi. Bu, gələcək nəsillər üçün milli qürur və vətənpərvərlik nümunəsidir.
Qönçə İsmayılova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın