20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm qanla yazılmış, həm də milli iradənin sarsılmaz ifadəsi kimi əbədi yer almışdır. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və respublikanın bir sıra rayonlarında Sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi amansız hərbi müdaxilə təkcə insan itkisi ilə deyil, həm də xalqın milli kimliyi və azadlıq arzusu üzərində dərin təsir yaratdı. Bu qanlı hadisə Sovet totalitarizminin Azərbaycandakı siyasi və hüquqi dayaqlarını sarsıtdı və xalqın milli azadlıq ideyalarını daha da gücləndirdi.

Hadisələr regionda uzun müddət davam edən gərginliyin nəticəsi idi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlardan deportasiyası və Dağlıq Qarabağ münaqişəsi fonunda yaranan siyasi və sosial gərginliyi Sovet rəhbərliyi hüquqi yolla həll etmək əvəzinə, hərbi güc tətbiq etməyi seçdi. Mixail Qorbaçovun birbaşa əmri ilə yeridilən “Bakı əməliyyatı”na 66 mindən artıq hərbçi cəlb edilmiş, şəhərə fövqəladə vəziyyət elan edilmədən daxil edilmişdi. Tanklardan, zirehli texnikadan və müxtəlif silahlardan istifadə edilməklə qadın, uşaq və qoca demədən günahsız insanlar qətlə yetirilmişdir.
Qanlı Yanvar nəticəsində 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış və 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Yüzlərlə ev, dövlət və şəxsi mülkiyyət dağıdılmış, milyonlarla rubl maddi ziyan dəymişdir. Bu hadisələr xalqın azadlıq uğrunda verdiyi ağır qurbanları, həmçinin Sovet rejiminin vəhşiliyini və insan hüquqlarını kobud şəkildə pozmasını nümayiş etdirir. Hər bir rəqəm yarımçıq qalmış talelərin, sarsılmış ailələrin və pozulmuş həyatların göstəricisidir.
Faciəyə dərhal reaksiya verən Ümummilli Lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək hadisələri hüquqa, demokratiyaya və humanizmə zidd hərbi təcavüz kimi qiymətləndirdi. Onun prinsipial mövqeyi xalqın mənəvi dayağı oldu və dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsini çatdırdı. Ulu Öndərin təşəbbüsü ilə həm Naxçıvanda, həm də 1994-cü ildə Milli Məclisdə faciəyə siyasi-hüquqi qiymət verildi və şəhidlərin xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi.
20 Yanvar hadisələri yalnız bir faciə kimi deyil, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq və milli həmrəylik salnaməsi kimi tarixdə qaldı. Bu hadisə sübut etdi ki, xalqın azadlıq və müstəqillik arzusu heç bir zor gücü ilə sındırıla bilməz. 20 Yanvar şəhidlərinin qanı üzərində qurulan milli azadlıq ideyası Azərbaycanı müstəqil dövlət yoluna çıxardı və gələcək nəsillər üçün milli qürur, vətənpərvərlik və qəhrəmanlıq nümunəsi oldu.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın