Azərbaycan xalqının XX əsrin sonlarında üzləşdiyi ən ağır sınaqlardan biri olan 20 Yanvar faciəsi milli yaddaşımıza həm böyük bir faciə, həm də azadlıq yolunda qırılmayan iradənin rəmzi kimi həkk olunmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının silahlı qüvvələrinin Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilməsi dinc əhaliyə qarşı misli görünməmiş zorakılıqla müşayiət olundu. Bu qanlı hadisə, totalitar sovet rejiminin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi Azərbaycan tarixində silinməz iz buraxdı.

Həmin dövrdə SSRİ-də “yenidənqurma” və “aşkarlıq” siyasəti fonunda milli respublikalarda azadlıq və suverenlik ideyaları güclənirdi. Azərbaycanda isə bu proseslər Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsi ilə paralel şəkildə daha da kəskin xarakter almışdı. Mərkəzi sovet hakimiyyətinin açıq-aşkar ermənipərəst mövqeyi xalqın Moskvaya olan etimadını sarsıdır, milli azadlıq hərəkatını genişləndirirdi. Kreml məhz bu iradəni boğmaq, xalqı qorxu altında saxlamaq üçün hərbi gücə əl atdı.

Fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun Bakıya yeridilməsi beynəlxalq hüququn, SSRİ Konstitusiyasının və ən elementar insan haqlarının kobud şəkildə pozulması idi. Tankların, ağır hərbi texnikanın şəhər küçələrinə çıxarılması nəticəsində qadınlar, uşaqlar və ahıl insanlar da daxil olmaqla yüzlərlə dinc sakin qətlə yetirildi və yaralandı. Rəsmi rəqəmlərə görə, bu qanlı gecə və sonrakı günlərdə 150-dən çox insan həlak oldu, yüzlərlə şəxs yaralandı və qanunsuz olaraq həbs edildi.

20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycanda həm siyasi, həm də mənəvi dayaqlarını tamamilə sarsıtdı. Artıq xalq sovet hakimiyyətini öz hüquq və azadlıqlarının təminatçısı deyil, milli iradəyə qarşı çıxan işğalçı güc kimi qəbul etməyə başladı. Bu faciə göstərdi ki, imperiya öz mövcudluğunu yalnız zorakılıq hesabına qorumağa çalışır və bu da onun qaçılmaz siyasi iflasının açıq göstəricisi idi.

Qanlı Yanvar faciəsi Azərbaycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirdi. Hadisələrdən sonra milli azadlıq hərəkatı dönməz xarakter aldı və müstəqil dövlət quruculuğu ideyası ümummilli məqsədə çevrildi. Bu faciə təkcə ölkə daxilində deyil, dünya azərbaycanlıları arasında da güclü təsir yaratdı. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız ilk dəfə olaraq milli faciəmizin tanıdılması və haqq səsimizin dünyaya çatdırılması naminə təşkilatlanmağa başladılar.

20 Yanvar hadisələrinə obyektiv siyasi və hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin mövqeyi xüsusi əhəmiyyət daşıyır. O, 1990-cı il yanvarın 21-də, həyatını təhlükə qarşısında qoyaraq, Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. Bu cəsarətli addım ilə Ulu Öndər sovet rəhbərliyini dinc əhaliyə qarşı törədilən qanlı cinayətə görə dünya ictimaiyyəti qarşısında açıq şəkildə ittiham etdi.

Heydər Əliyevin siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsi tədricən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu hadisələrə ilk siyasi qiymət verən qərar qəbul etdi. Daha sonra Ulu Öndərin hakimiyyətə qayıdışından sonra, 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edərək faciəyə rəsmi siyasi-hüquqi qiymət verdi.

Bu qərarla 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayət kimi tanındı və günahkarların məsuliyyəti məsələsi gündəmə gətirildi. Həmin dövrdən etibarən 20 Yanvar Ümumxalq Hüzn Günü kimi qeyd olunmağa başladı. Bu, həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərə tarixi həqiqətlərin ötürülməsi baxımından mühüm addım idi.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri ilə şəhid ailələri və 20 Yanvar əlilləri üçün güclü sosial müdafiə sistemi formalaşdırılıb. 2006-cı ildə “20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir.

20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə qanlı bir səhifə deyil, eyni zamanda, milli azadlıq mübarizəsinin zirvəsi və müstəqil dövlətçiliyin ideoloji təməlidir. Bu faciə sübut etdi ki, zorakılıq yolu ilə xalqın azadlıq arzusunu boğmaq mümkün deyil. 20 Yanvar şəhidlərinin qanı üzərində formalaşan müstəqillik ideologiyası 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolun əsasını qoydu və Azərbaycan xalqının azadlıq əzmini tarixə əbədi həkk etdi.

Təvəkkül Əliyev

“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.