20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunda ağır və qəhrəmanlıq dolu səhifələrindən biridir. Həmin gecə Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən amansız qırğınlar xalqın azadlıq iradəsini sındırmaq üçün nəzərdə tutulsa da, nəticədə milli həmrəylik və müstəqillik arzusu daha da gücləndi.

Hadisələr uzun illər davam edən sosial və siyasi narazılıqların təzahürü idi. Ermənistanın tarixi torpaqlara iddiaları, azərbaycanlıların hüquqlarının tapdanması və mərkəzi hakimiyyətin laqeydliyi cəmiyyətdə dərin narazılıq yaratmışdı. Sovet rəhbərliyinin hərbi müdaxiləsi hüquqi və humanitar normaları kobud şəkildə pozdu, bu isə faciənin beynəlxalq hüquq baxımından da ağır cinayət kimi qiymətləndirilməsinə səbəb oldu.
Qanlı Yanvar nəticəsində 150-dən çox şəhid, yüzlərlə yaralı və onlarla qanunsuz həbs edilmiş insan yaddaşlara əbədi həkk olundu. Şəhərlərdə, evlərdə və ictimai obyektlərdə yaranan dağıntılar Sovet imperiyasının öz vətəndaşlarına qarşı necə qəddar olduğunu göstərdi. Bu faciə yalnız itkilərin sayında deyil, həm də xalqın mənəvi qələbəsində əhəmiyyət daşıdı.
Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrinə verdiyi siyasi-hüquqi qiymətlərlə xalqın haqq səsini qorudu. Onun təşəbbüsləri nəticəsində hadisələrə dövlət səviyyəsində qiymət verildi, günahkarlar müəyyən olundu və şəhidlərin xatirəsi əbədi yaşatıldı. Bu, azadlıq və müstəqillik uğrunda aparılan mübarizənin simvolik təcəssümüdür.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın