20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində azadlıq və müstəqillik uğrunda mübarizənin qanla yazılmış səhifəsi kimi qalıcı iz buraxmışdır. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilmiş, qadın, uşaq və qoca demədən dinc sakinlər ağır texnika və silahlardan atəşə tutulmuşdur. Bu, yalnız bir faciə deyil, həm də xalqın milli ləyaqətinə və gələcəyinə qarşı amansız hücum idi.

20 Yanvar hadisələrinə gətirib çıxaran səbəblər 1987-ci ildən başlayaraq formalaşmışdı. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlardan deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri regionda gərginliyi artırmış, sovet rəhbərliyi isə problemin hüquqi yolla həllinə deyil, hərbi gücə əl atmağa üstünlük vermişdi. Mixail Qorbaçovun əmri ilə həyata keçirilən “Bakı əməliyyatı” əvvəlcədən planlaşdırılmış ağır cinayət kimi tarixə düşmüşdür.

Faciə nəticəsində 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Dövlət və şəxsi əmlaka milyonlarla rubl məbləğində ziyan dəymiş, şəhərlərdə həyat faktiki olaraq dayanmışdır. Bu hadisə Sovet imperiyasının Azərbaycandakı bütün siyasi və hüquqi dayaqlarını sarsıtmış, xalqın milli iradəsini gücləndirmişdir.

Ümummilli Lider Heydər Əliyev faciəyə dərhal reaksiya verərək 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, baş verənləri hüquqa, demokratiyaya və humanizmə zidd hərbi təcavüz kimi qiymətləndirmişdir. Onun bu cəsarətli mövqeyi xalqın mənəvi dayağı olmuş və müstəqillik uğrunda mübarizənin əhəmiyyətini bütün dünyaya çatdırmışdır.

Gülsarə Abbasova

Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.