36 il əvvəl baş verən 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində yalnız kədərli bir səhifə deyil, həm də milli qəhrəmanlıq, vətənpərvərlik və azadlıq uğrunda mübarizənin simvolu kimi əbədi həkk olunmuşdur. Ümummilli Lider Heydər Əliyev bu hadisəni səciyyələndirərkən vurğulamışdır ki, o günlərin Azərbaycan xalqının taleyindəki əhəmiyyəti illər keçdikcə daha aydın görünür. 1990-cı ilin 20 Yanvarı xalqımız üçün dönüş nöqtəsi, azadlıq və müstəqillik yolunda ilk böyük qurbanların verildiyi gündür. Bu faciə sübut etdi ki, milli birlik və qətiyyət hər cür zorakılıqdan güclüdür və xalqın azadlıq arzusu heç vaxt sındırıla bilməz.

20 Yanvar faciəsinə aparan yol 1987-ci ildən başlayaraq Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyaları və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri fonunda formalaşmışdır. Sovet rəhbərliyi yaranmış gərginliyi aradan qaldırmaq əvəzinə, dinc əhaliyə qarşı hərbi güc tətbiq etməyi seçdi. Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və respublikanın bir sıra rayonlarına yeridildi, insanlar tanklar və digər ağır texnikalardan istifadə edilməklə amansızcasına qətlə yetirildi. Bu hadisə həm də Sovet totalitarizminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi genişmiqyaslı vəhşiliyin açıq nümunəsi oldu.

Faciənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəylik nümayiş etdirdi və 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. O, bu qanlı hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd hərbi təcavüz kimi qiymətləndirərək, günahkarların cəzalandırılmasını tələb etdi. Ulu Öndərin prinsipial mövqeyi xalqın mənəvi dayağı oldu və hadisənin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynadı, xalqın haqq səsinin dünyaya yayımlanmasını təmin etdi.

Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, daha sonra 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verildi. Bu qərarlar faciəni yalnız milli yaddaş deyil, həm də hüquqi sənəd kimi əbədi olaraq təsbit etdi. Həmin sənədlərdə qeyd edildi ki, Sovet Silahlı Qüvvələrinin yeridilməsi xalqın azadlıq və milli ləyaqət hissinə qarşı yönəlmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin.

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi. Həmin gün həyatlarını qurban verən vətən övladlarının qəhrəmanlığı milli birlik, azadlıq və suverenlik ideyalarının möhkəmlənməsinə təkan verdi. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və milli iradənin qorunması məqsədini daşıyır. 20 Yanvar hadisələri sübut etdi ki, xalqın milli azadlıq və müstəqillik uğrunda iradəsi heç bir qüvvə tərəfindən sındırıla bilməz və onların yolunu gələcək nəsillər də davam etdirəcəkdir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.