20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi olmaqla yanaşı, milli ləyaqətin sarsılmazlığını nümayiş etdirən tarixi hadisədir. 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı törədilən amansız qırğın sovet totalitarizminin əsl simasını ortaya qoydu. Günahsız insanların qətlə yetirilməsi təkcə fiziki itkilərlə deyil, bütöv bir xalqın mənəvi dəyərlərinə qarşı yönəlmiş hücum kimi yadda qaldı. Bu faciə xalqın iradəsini qırmaq məqsədi daşısa da, əksinə, azadlıq əzmini daha da gücləndirdi.
Hadisələrin kökündə illərlə aparılan qərəzli siyasət dayanırdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlardan deportasiyası və Dağlıq Qarabağda separatizmin dəstəklənməsi cəmiyyətdə ciddi narazılıq yaratmışdı. Mərkəzi sovet hakimiyyəti bu haqlı etirazları dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə susdurmağa çalışdı. Nəticədə hüquq və insan haqları kobud şəkildə pozuldu.
Sovet ordusunun Bakıya yeridilməsi planlı şəkildə həyata keçirilmişdi. Fövqəladə vəziyyət elan olunmadan şəhərə ağır hərbi texnikanın gətirilməsi mülki əhalinin birbaşa hədəfə alınmasına səbəb oldu. Qadınların, uşaqların və ahıl insanların qətlə yetirilməsi bu əməliyyatın mahiyyət etibarilə işğal xarakteri daşıdığını sübut etdi. Bu hadisələr Sovet imperiyasının mənəvi və siyasi iflasını açıq şəkildə göstərdi.
20 Yanvar faciəsi Azərbaycan xalqının milli oyanışını sürətləndirdi. Xalq artıq gələcəyini yalnız müstəqil dövlət çərçivəsində görürdü. Qanlı Yanvar həm hüzn, həm də qəhrəmanlıq salnaməsi kimi tarixdə qaldı və müstəqillik ideyasının formalaşmasında mühüm rol oynadı.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın