20 Yanvar hadisələri Azərbaycanın müasir tarixində həm dərin faciə, həm də milli qürur mənbəyi kimi xüsusi yer tutur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı misli görünməmiş zorakılıq törədildi. Bu qanlı əməliyyatın əsas məqsədi xalqın azadlıq iradəsini sındırmaq, müstəqillik istəyini boğmaq və etiraz səslərini susdurmaq idi. Lakin baş verənlər sübut etdi ki, zorakılıq Azərbaycan xalqının milli ruhunu sarsıda bilmədi.

Həmin gecə və sonrakı günlərdə Bakıda, Sumqayıtda və bir sıra rayonlarda yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı. Qadınlar, uşaqlar və ahıl şəxslər də daxil olmaqla, 150 dinc sakin həyatını itirdi, 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Bundan əlavə, yüzlərlə insan qanunsuz olaraq həbs edildi, bir qismi isə SSRİ-nin müxtəlif şəhərlərinə aparıldı. Bu faktlar sovet rejiminin insan həyatına verdiyi dəyərin acı göstəricisi idi.
Bütün bu vəhşiliklərə baxmayaraq, Azərbaycan xalqı öz ləyaqətini və mübarizə əzmini qorudu. 20 Yanvar təkcə matəm günü deyil, həm də azadlıq uğrunda canından keçənlərin xatirəsinə ehtiram günüdür. Bu hadisə xalqın müstəqillik yolunda geri dönüşü olmayan bir mərhələyə qədəm qoyduğunu dünyaya nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanat 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Sonradan, 1994-cü ildə bu faciəyə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan dövlətinin tarixi ədalətin bərpası istiqamətində atdığı mühüm addım oldu. Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini

Bir şərh yazın