20 Yanvar faciəsi təkcə qanlı bir hadisə deyil, Azərbaycan xalqının milli iradəsinin sınağı idi. Sovet imperiyasının güc nümayişi xalqın azadlıq arzusunu boğmaq məqsədi daşıyırdı. Lakin bu vəhşilik əks təsir göstərdi və xalqın müstəqillik əzmini daha da gücləndirdi. Qanlı Yanvar milli müqavimətin rəmzinə çevrildi.

Hadisələrin baş verməsinə gətirən əsas səbəblərdən biri də mərkəzi hakimiyyətin ədalətsiz və qərəzli siyasəti idi. Ermənistanın ərazi iddialarına göz yumulması, azərbaycanlıların hüquqlarının tapdanması cəmiyyətdə ciddi narazılıq doğurmuşdu. Bu narazılıq dinc etirazlarla ifadə olunsa da, cavab olaraq silah tətbiq edildi.
Faciə nəticəsində yüzlərlə insan həlak oldu və yaralandı, minlərlə ailə sarsıntı yaşadı. Statistik rəqəmlər bu faciənin miqyasını göstərsə də, itirilən insan talelərinin ağrısını tam ifadə etmir. Bu hadisə Sovet rejiminin öz vətəndaşlarına qarşı nə qədər amansız olduğunu ortaya qoydu.
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində milli oyanışın zirvəsi oldu. Bu faciə müstəqillik ideyasını geri dönməz etdi və gələcək nəsillərə azadlığın hansı bədəllə qazanıldığını xatırladan dərs kimi qaldı.
Elmira Əliyeva
Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın