Azərbaycan tarixində 20 Yanvar faciəsi milli yaddaşın ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu hadisə sübut etdi ki, zor gücü ilə xalqın azadlıq istəyini boğmaq mümkün deyil. Sovet ordusunun dinc insanlara qarşı tətbiq etdiyi vəhşilik xalqın iradəsini sındırmaq əvəzinə, onu daha da möhkəmləndirdi. Qanlı Yanvar milli kimliyin formalaşmasında mühüm mərhələ oldu.

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi proseslər Azərbaycanda milli şüurun yüksəlməsinə səbəb olmuşdu. Ermənistandan azərbaycanlıların zorla çıxarılması və Qarabağ məsələsində ədalətsiz mövqe xalqın etirazını artırdı. Kreml bu etirazları təhlükə kimi qiymətləndirərək hərbi müdaxiləyə qərar verdi. Beləliklə, dinc əhali ağır terrora məruz qaldı.
Bu faciəyə ilk açıq siyasi etiraz Ümummilli Lider Heydər Əliyev tərəfindən səsləndirildi. O, 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanatla sovet rəhbərliyini dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyevin bu cəsarətli mövqeyi xalqın sarsılmış ruhuna dayaq oldu və tarixi həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadı.
Sonrakı illərdə 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verilməsi tarixi ədalətin bərpası baxımından mühüm addım oldu. Bu faciə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin simvoluna çevrildi və müstəqilliyə aparan yolun ideoloji əsasını formalaşdırdı.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın