20 Yanvar faciəsi Sovet imperiyasının öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Dinc əhaliyə qarşı planlı şəkildə həyata keçirilən hərbi müdaxilə nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, minlərlə ailə faciə ilə üzləşmişdir. Bu hadisə insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasının açıq nümunəsi idi.

Həmin gecə Bakıda və digər bölgələrdə mülki şəxslərin hədəfə alınması, informasiya blokadasının yaradılması və tibbi yardıma mane olunması beynəlxalq humanitar hüquqa zidd idi. Sovet ordusunun davranışı göstərdi ki, imperiya öz mövcudluğunu yalnız zorakılıq yolu ilə qorumağa çalışır və bu da onun siyasi və hüquqi əsaslarının tükəndiyini sübut edirdi.
Faciədən sonra Azərbaycan cəmiyyətində Sovet hakimiyyətinə qarşı dərin hüquqi və ideoloji etimadsızlıq formalaşdı. Xalq artıq bu rejimi öz maraqlarının təminatçısı kimi deyil, milli iradəyə qarşı yönəlmiş işğalçı güc kimi qəbul etməyə başladı. Bu, Sovet ideologiyasının Azərbaycanda tam iflasa uğramasına gətirib çıxardı.
Ümummilli Lider Heydər Əliyevin Moskvada 20 Yanvar hadisələrini açıq şəkildə pisləməsi milli maraqların müdafiəsində cəsarətli siyasi addım oldu. Onun qətiyyətli mövqeyi sayəsində bu faciə unudulmadı və sonradan dövlət səviyyəsində insanlığa qarşı cinayət kimi tanındı.
Əminə Məhərrəmova
Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın