Müasir dövrdə su ehtiyatlarının qorunması və səmərəli idarə olunması hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan bu reallığı nəzərə alaraq su təhlükəsizliyi məsələsini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Son illərdə həyata keçirilən layihələr içməli su təminatının yaxşılaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir.

İri su anbarlarının tikilməsi ölkənin su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır. Bu layihələr həm əhalinin, həm də kənd təsərrüfatı və sənaye sahələrinin suya olan tələbatının qarşılanmasına imkan verir. Eyni zamanda, iqlim dəyişikliklərinin yaratdığı risklər fonunda su ehtiyatlarının yığılması və idarə olunması xüsusi aktuallıq kəsb edir. Dövlət bu sahədə qabaqlayıcı addımlar ataraq uzunmüddətli təhlükəsizliyi təmin edir.
Bakı və Abşeron yarımadasını əhatə edən yeni Dövlət Proqramı su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsini hədəfləyir. Proqram çərçivəsində yeni su anbarlarının inşası, şəbəkələrin yenilənməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu addımlar fasiləsiz içməli su təminatının əhəmiyyətli dərəcədə artırılmasına şərait yaradacaq.
Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi isə su sektorunda şəffaflığın və səmərəliliyin yüksəldilməsinə xidmət edir. SCADA və IoT texnologiyalarının istifadəsi su itkilərinin dəqiq monitorinqinə və operativ idarəetməyə imkan verəcək. Nəticədə, həm ekoloji vəziyyət yaxşılaşacaq, həm də resurslardan istifadədə qənaət təmin olunacaq.
Qönçə İsmayılova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın