Azərbaycanın müasir inkişaf modelinin əsas dayaqlarından biri regionların tarazlı sosial-iqtisadi inkişafının təmin edilməsidir. Son iyirmi il ərzində həyata keçirilən Dövlət Proqramları ölkənin iqtisadi strukturunu köklü şəkildə dəyişərək qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradıb. Bu proqramlar təkcə yol, enerji və kommunal infrastrukturun qurulması ilə məhdudlaşmayıb, eyni zamanda sosial rifahın yüksəldilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm rol oynayıb.

Bu siyasətin ideoloji və strateji əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilmişdir. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası ölkənin bütün ərazisində biznes mühitinin yaxşılaşmasına, investisiya cəlbediciliyinin artmasına və infrastruktur təminatının keyfiyyətcə yenilənməsinə səbəb olub. Bu proses Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin praqmatik və ardıcıl siyasəti nəticəsində ölkə enerji təhlükəsizliyi sahəsində mühüm uğurlar əldə edib. Enerji generasiya gücünün daxili tələbatı üstələməsi, müasir elektrik stansiyalarının istismara verilməsi və “ağıllı şəbəkə” texnologiyalarının tətbiqi Azərbaycanın enerji sistemini dayanıqlı və çevik edib. Paralel olaraq avtomobil yollarının, magistralların və nəqliyyat dəhlizlərinin genişlənməsi regionların iqtisadi dövriyyəyə aktiv qoşulmasını təmin edib.
12 yanvar 2026-cı il tarixində keçirilən müşavirə isə göstərdi ki, regional inkişaf siyasəti yeni mərhələyə keçir. Su təhlükəsizliyi, rəqəmsal idarəetmə və ekoloji standartların birgə tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilir. Bu yanaşma Azərbaycanın yalnız bugünkü ehtiyaclarını deyil, gələcək risklərini də qabaqlayan güclü dövlət modelinə sahib olduğunu təsdiqləyir.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın