İqlim dəyişiklikləri və artan su tələbatı fonunda su təhlükəsizliyi dövlətlərin strateji planlarında xüsusi yer tutur. Şəhərlərin genişlənməsi, sənayenin inkişafı və kənd təsərrüfatının suya olan ehtiyacının artması bu resursun daha dəqiq idarə olunmasını tələb edir. Azərbaycan su məsələsinə yalnız texniki deyil, strateji və milli təhlükəsizlik prizmasından yanaşır. Bu yanaşma uzunmüddətli sosial və iqtisadi sabitliyin əsas təminatlarından biri kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş yanvarın 12-dəki müşavirə bu istiqamətdə atılan növbəti mühüm addım oldu. Müşavirədə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemlərinin yenilənməsi əsas müzakirə mövzusu olub. Proqram paytaxt əhalisinin artan tələbatını nəzərə almaqla su infrastrukturunun mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur. Bu isə risklərin qabaqcadan hesablanmasına imkan verir.
Son illərdə inşa edilmiş su anbarları və mövcud sistemlərin modernləşdirilməsi ölkənin su təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Taxtakörpü, Şəmkirçay və Ceyranbatan layihələri Bakının və ətraf bölgələrin su təminatında əsas rol oynayır. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri isə su resurslarının yenidən iqtisadi dövriyyəyə daxil edilməsinə şərait yaradır. Bu, regional inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan hədəflər kifayət qədər konkret və ölçüləndir. Fasiləsiz içməli su ilə təminatın artırılması, kanalizasiya xidmətlərinin genişləndirilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi proqramın əsas istiqamətlərindəndir. Eyni zamanda, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin tətbiqi su təsərrüfatında səmərəliliyi yüksəldəcək. Bu yanaşma Azərbaycanın su sektorunda yeni inkişaf mərhələsinə keçidini təmin edir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini

Bir şərh yazın