Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu planlı və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun müasir dövrdə uğurla davam etdirildiyini göstərir. Hər bir sahə üzrə qəbul edilən Dövlət Proqramları ölkənin sosial-iqtisadi inkişafını sistemli şəkildə təmin edib. Bu yanaşma infrastruktur quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib.

Yanvarın 12-də keçirilmiş müşavirədə dövlətimizin başçısı son illər ərzində görülən işlərə toxunaraq əsas infrastruktur məsələlərinin həll olunduğunu qeyd etdi. Elektrik enerjisi sahəsində yaradılan güclü potensial Azərbaycanın həm daxili tələbatını ödəməsinə, həm də ixrac imkanlarını genişləndirməsinə şərait yaradıb. Eyni zamanda, əhalinin böyük hissəsinin təbii qazla təmin olunması sosial rifahın yüksəlməsində mühüm rol oynayıb. Bu nəticələr uzunmüddətli və ardıcıl siyasətin göstəricisidir.
Su təsərrüfatı sahəsində həyata keçirilən layihələr də bu ümumi inkişaf xəttinin tərkib hissəsidir. Son 20 ildə inşa edilən iri su anbarları ölkənin su ehtiyatlarının idarə olunmasında strateji əhəmiyyət daşıyır. İçməli su və suvarma layihələrinin həm regionlarda, həm də işğaldan azad edilmiş ərazilərdə icrası kənd təsərrüfatının və yaşayış məntəqələrinin inkişafına geniş imkanlar açır. Bu layihələr su təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
2026–2035-ci illəri əhatə edən yeni Dövlət Proqramı Bakı və Abşeron yarımadasının su problemlərinə kompleks yanaşma təqdim edir. Proqram çərçivəsində yeni su anbarlarının tikintisi, şəbəkələrin genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. Fasiləsiz içməli su ilə təminatın əhəmiyyətli dərəcədə artırılması sosial baxımdan xüsusi önəm daşıyır. Bu sənəd paytaxt aqlomerasiyasının dayanıqlı inkişafı üçün mühüm strateji əsas yaradır.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın