“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın bərpaolunan enerji sahəsində artan beynəlxalq nüfuzunu əyani şəkildə göstərdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, son 20 ildə ölkənin enerji infrastrukturu tamamilə yenilənib və generasiya gücləri tarixi rekord səviyyəyə çatıb. Bu inkişaf yaşıl enerji layihələrinin genişlənməsi üçün möhkəm əsas yaradıb.

“ACWA Power” şirkətinin nümayəndəsi isə qeyd etdi ki, məhz Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya nəticəsində Azərbaycan xarici sərmayəçilər üçün cəlbedici məkana çevrilib. Onun sözlərinə görə, ölkədə qərarların ardıcıllıqla icrası və dövlətin investorlara verdiyi təminatlar etimad mühitini gücləndirir. Bu səbəbdən şirkət Azərbaycanda fəaliyyətini genişləndirməkdə qərarlıdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın coğrafi mövqeyi müxtəlif bölgələrdə alternativ enerji mənbələrinin inkişafına imkan verir. Xızı, Abşeron, Qaradağ və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr bu potensialın praktik istifadəsidir. Xəzər dənizinin külək ehtiyatları isə ölkəni gələcəkdə yaşıl enerji ixracatçısına çevirə bilər.
Enerji sahəsində əldə olunan uğurlar təkcə iqtisadi deyil, həm də siyasi və sosial sabitliyin nəticəsidir. Xarici tərəfdaşların etiraf etdiyi kimi, Azərbaycanın uğurlarının əsas mənbəyi düzgün rəhbərlik və uzaqgörən qərarlardır. Bu isə uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır.
Rəfail Məmmədov
“Əməkdar müəllim”, YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın