Azərbaycan son 20 ildə enerji sektorunda dərin institusional və texniki modernləşmə yolu keçib. Generasiya güclərinin təxminən üç dəfə artırılaraq 10 min meqavat səviyyəsinə çatdırılması bu sahədə sistemli dövlət siyasətinin nəticəsidir. Bu inkişaf yalnız istehsal gücünün artımı ilə məhdudlaşmayıb, eyni zamanda ötürücü xətlərin, yarımstansiyaların və vahid enerji şəbəkəsinin yenilənməsi ilə müşayiət olunub.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bu modernləşmə prosesinin məntiqi davamıdır. Layihə göstərir ki, Azərbaycan bərpaolunan enerji mənbələrinin inteqrasiyasını epizodik deyil, uzunmüddətli strateji xətt kimi planlaşdırır. Bu cür layihələr yüksək texniki koordinasiya və böyük maliyyə resursları tələb etdiyindən, onların uğurla icrası dövlət idarəetmə modelinin effektivliyini də ortaya qoyur.
Prezident İlham Əliyevin Xəzər dənizinin külək potensialını 157 giqavat səviyyəsində qiymətləndirməsi Azərbaycanın gələcək enerji xəritəsində rolunun genişlənəcəyini göstərir. Bu potensial təkcə daxili tələbatın ödənilməsi üçün deyil, Avropa və region ölkələrinin enerji təhlükəsizliyinə töhfə vermək üçün strateji resurs kimi dəyərləndirilir. Xüsusilə yaşıl enerji dəhlizləri bu baxımdan yeni geoiqtisadi imkanlar yaradır.
Azərbaycanın enerji siyasəti artıq lokal deyil, regional və qlobal miqyasda planlaşdırılan sistemə çevrilir. “Xızı-Abşeron” KES bu strategiyanın real nəticələrindən biri olaraq ölkənin enerji təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirir.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın