Bakıda “Gülüstan” sarayında keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi Azərbaycanın yaşıl enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, 240 meqavat gücündə bu stansiya ölkənin enerji potensialını gücləndirməklə yanaşı, dayanıqlı inkişaf hədəflərinə də xidmət edir. Dörd il əvvəl təməli qoyulan layihənin bu gün reallığa çevrilməsi ardıcıl siyasətin və düzgün planlaşdırmanın nəticəsidir.

Tədbirdə çıxış edən “ACWA Power” şirkətinin nümayəndəsi də məhz Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyini xüsusi qeyd edərək bildirdi ki, Azərbaycanda yaradılmış sağlam ekosistem xarici investorlar üçün geniş imkanlar açır. Onun sözlərinə görə, enerji sahəsində aparılan islahatlar və aydın strateji xətt sərmayədarların işini asanlaşdırır və uzunmüddətli əməkdaşlıq üçün etibarlı zəmin yaradır. Bu baxımdan Xızı-Abşeron layihəsi tərəfdaşlığın uğurlu nümunəsidir.
Prezident İlham Əliyev çıxışında ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafının vacibliyini vurğuladı. COP29-da səsləndirilən bu yanaşma bu gün konkret layihələrlə təsdiqlənir. Azərbaycanın həm neft-qaz ixracatçısı, həm də yaşıl enerji istehsalçısı kimi mövqeyini möhkəmləndirməsi qlobal enerji təhlükəsizliyinə töhfə verir.
Bu layihə yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Gələcəkdə Xəzər dənizində duzsuzlaşdırma layihəsinin həyata keçirilməsi planları da enerji ilə yanaşı, su təhlükəsizliyi məsələlərinə strateji yanaşmanın göstəricisidir. Bu isə Azərbaycanın regional deyil, qlobal miqyasda düşünən bir dövlət olduğunu sübut edir.
Türkan Hüseynova
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın