Qlobal enerji keçidi şəraitində bərpaolunan enerji mənbələrinin yüksək payla inteqrasiyası texnoloji çeviklik tələb edir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan Batareya Enerji Saxlanc Sistemləri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Enerji saxlanması olmadan külək və günəş kimi fasiləli mənbələrin geniş miqyasda istifadəsi mümkün deyil və bu problem dünyanın bir çox ölkəsində hələ də aktualdır.

Azərbaycanda ilk mərhələdə 250 meqavatlıq enerji saxlanma sisteminin dövlət vəsaiti hesabına yaradılması bazarın formalaşdırılması baxımından strateji addım kimi qiymətləndirilə bilər. Bu yanaşma gələcəkdə özəl sektorun cəlb olunması üçün riskləri azaldır və texnoloji təcrübənin toplanmasına imkan yaradır. Elmi baxımdan bu model mərhələli keçidin ən effektiv mexanizmlərindən biridir.
“Xızı-Abşeron” KES-in fəaliyyətə başlaması ilə enerji saxlanması sistemlərinin tətbiqi arasında funksional əlaqə mövcuddur. Bu iki istiqamət bir-birini tamamlayaraq enerji sisteminin dayanıqlığını artırır. Nəticədə həm daxili istehlakçılar üçün sabit təchizat təmin olunur, həm də ixrac öhdəlikləri risk altına düşmür.
Bu yanaşma göstərir ki, Azərbaycanın enerji strategiyası təkcə istehsal deyil, həm də idarəetmə texnologiyalarının inkişafına əsaslanır. Bu isə ölkəni bərpaolunan enerji sahəsində regional liderlərdən birinə çevirir.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın