Prezident İlham Əliyevin yanvarın 5-də yerli media nümayəndələrinə verdiyi müsahibə Azərbaycanın suverenliyinin tam bərpasından sonra formalaşan yeni siyasi mərhələnin mahiyyətini əhatəli şəkildə ortaya qoydu. Dövlət başçısı bu çıxışında ölkənin keçdiyi tarixi yolu, əldə edilən nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəfləri ardıcıl şəkildə izah etdi. Müsahibə həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün Azərbaycanın dəyişən statusunu aydın göstərən mühüm siyasi mesajlarla yadda qaldı.

Dövlət başçısı çıxışında sülh mərhələsinə keçidin Azərbaycanın həyatında yaratdığı yeni reallıqlara toxundu. Uzun illər müharibə və təhlükəsizlik riskləri ilə üzləşən ölkə artıq sabitlik şəraitində inkişaf strategiyasını reallaşdırmaq imkanına malikdir. Prezidentin vurğuladığı kimi, sülh yalnız siyasi sənəd deyil, iqtisadi, sosial və institusional inkişaf üçün açılan geniş imkanlar toplusudur.
Müsahibədə idarəetmə sahəsində aparılan islahatlara xüsusi diqqət yetirildi. Xüsusi nümayəndəlik institutunun tətbiqi regionların daha çevik və effektiv idarə olunmasına xidmət edən yeni yanaşma kimi təqdim olundu. Prezident İlham Əliyev kadr siyasətində peşəkarlıq, məsuliyyət və dövlətə sədaqət prinsiplərinin dəyişməz olduğunu bir daha bəyan etdi və bu prinsiplərin pozulmasının dərhal reaksiyasız qalmadığını açıq şəkildə ifadə etdi.
Müsahibənin ümumi məzmunu göstərdi ki, Azərbaycan artıq postmünaqişə dövrünü deyil, strateji inkişaf mərhələsini yaşayır. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkənin uzunmüddətli perspektivdə güclü, sabit və müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirməyə yönəlib. Bu çıxış Azərbaycanın gələcək inkişaf yolunun ideoloji və siyasi konturlarını aydın şəkildə müəyyənləşdirdi.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini

Bir şərh yazın