Dövlət başçısı İlham Əliyevin müntəzəm olaraq verdiyi müsahibələr Azərbaycanın həm daxili, həm də xarici siyasətinin gedişatını geniş ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynayır. Bu müsahibələr yalnız keçmiş il ərzində görülən işləri qiymətləndirməklə kifayətlənmir, həm də qarşıdakı dövrün çağırışlarını və inkişaf perspektivlərini aydın şəkildə nümayiş etdirir. Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və regiondakı geosiyasi mövqeyinin güclənməsidir. Bu, ölkəmizin yalnız hərbi güc və iqtisadi göstəricilərlə deyil, həm də diplomatik və siyasi sahədəki uğurları ilə bağlıdır.

2025-ci il Azərbaycanın tarixi uğurlarla zəngin olan bir il kimi qiymətləndirilə bilər. Dövlət başçısı müsahibəsində vurğuladı ki, bu il Ermənistan-Azərbaycan müharibəsinə siyasi baxımdan son qoyulması ilə yadda qaldı. Azərbaycan artıq sülh şəraitində yaşayır və bu, uzun illər davam edən münaqişə fonunda xüsusi əhəmiyyət daşıyır. Müsahibədə qeyd olunduğu kimi, sülh şəraitində yaşamaq üçün sosial, iqtisadi və siyasi sahələrdə dayanıqlı infrastruktur və idarəetmə sisteminin mövcudluğu vacibdir. Ölkəmizin əldə etdiyi Qələbə yalnız döyüş meydanında deyil, həm də siyasi müstəvidə təsdiqlənmişdir.
Xarici siyasət sahəsində 2025-ci il bir sıra mühüm uğurlarla yadda qaldı. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, beynəlxalq zirvə görüşlərində iştirakı, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər ölkəmizin diplomatik imkanlarını genişləndirdi. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlük Azərbaycanın regional və beynəlxalq əlaqələrini gücləndirdi. Bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq sahəsində ölkəmizin mövqeyini möhkəmləndirdi.
İqtisadi sahədə Azərbaycan sabit inkişafını davam etdirir. Dövlət başçısı müsahibəsində vurğuladı ki, ölkəmizdə sabit iqtisadi mühit, investorlar üçün əlverişli şərait və dayanıqlı layihələr ölkəmizi beynəlxalq maliyyə qurumlarının diqqət mərkəzinə gətirib. Qarabağın yenidən qurulması və böyük investisiya proqramlarının icrası iqtisadiyyatımızın gücünü nümayiş etdirir. Eyni zamanda, sosial siyasət də iqtisadi inkişafla paralel şəkildə həyata keçirilir və vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi daim prioritet olaraq qalır.
Türkan Hüseynova
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın