Azərbaycanın xarici siyasəti son illər beynəlxalq münasibətlər sistemində artan rolunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev müsahibələrində ölkəmizin xarici siyasət uğurlarını davamlı olaraq diqqətə çatdırır. Bu uğurlar həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrdə özünü göstərir. Azərbaycanın diplomatik təşəbbüsləri, beynəlxalq tədbirlərdə fəal iştirakı və ev sahibliyi etdiyi zirvə görüşləri ölkəmizin mövqeyini daha da möhkəmləndirir. Xüsusilə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Azərbaycanın regional liderliyini bir daha təsdiqlədi.

2025-ci il Azərbaycanın diplomatik sahədə əhəmiyyətli uğurlarla yadda qaldığı bir il oldu. Dövlət başçısı müsahibəsində vurğuladı ki, ölkəmizin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi nadir hadisədir. Coğrafi baxımdan Azərbaycan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr mövcuddur. Bu, Azərbaycanın həm regional, həm də qlobal siyasətdə çevik və etibarlı tərəfdaş olduğunu göstərir.
Azərbaycanın xarici siyasət strategiyasında iqtisadi diplomatiya da mühüm rol oynayır. Dövlət başçısı müsahibəsində qeyd etdi ki, ölkəmiz beynəlxalq investisiya və tranzit layihələrinin həyata keçirilməsində strateji mərkəz rolunu oynayır. Qərb ilə Mərkəzi Asiyanı birləşdirən layihələr Azərbaycanın coğrafi mövqeyinin verdiyi imkanlardan səmərəli istifadə etməsini təmin edir. Bu, həm regional sabitliyə, həm də iqtisadi inkişafın davamlılığına töhfə verir.
Eyni zamanda, Azərbaycanın xarici siyasəti yalnız iqtisadi və strateji sahələrlə məhdudlaşmır. Ölkəmiz diplomatik sahədə həm beynəlxalq təşkilatlarda, həm də aparıcı dövlətlərlə əlaqələrdə öz prinsipial mövqeyini qoruyur. Prezident İlham Əliyev müsahibəsində bir daha bəyan etdi ki, Azərbaycanın xarici siyasətinin əsas prinsipi həmişə həqiqətə və ədalətə sadiqlikdir. Bu yanaşma ölkəmizin beynəlxalq səviyyədə etibarını və nüfuzunu daha da artırır.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini

Bir şərh yazın