Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilir. Dövlət başçısı çıxışında ötən ilin nəticələrini təhlil etməklə yanaşı, Azərbaycanın qarşıdakı dövr üçün əsas prioritetlərini də açıqladı. Xüsusilə 2025-ci ilin tarixi əhəmiyyətə malik il olduğunu vurğulayan Prezident Ermənistan–Azərbaycan münaqişəsinin siyasi baxımdan başa çatdığını diqqətə çatdırdı.

Dövlət başçısının fikrincə, sülh mərhələsinə keçid uzun illər davam edən müharibə və qarşıdurma şəraitindən sonra formalaşan yeni reallıqdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra faktiki olaraq fasiləsiz təhlükəsizlik çağırışları ilə üzləşmişdi. Bu baxımdan əldə olunan sülh yalnız siyasi sənəd deyil, həm də xalqın rifahına, sabitliyə və inkişaf imkanlarına xidmət edən mühüm dönüş nöqtəsidir.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın diplomatik uğurlarına da geniş yer ayırdı. Xüsusilə 1992-ci ildə qəbul edilmiş və uzun illər ölkəmizə qarşı tətbiq olunan 907-ci düzəlişin ləğvi tarixi ədalətsizliyin aradan qaldırılması kimi qiymətləndirildi. Bu fakt Azərbaycanın informasiya və diplomatiya cəbhəsində üstünlüyünü qoruyaraq beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini göstərir.
Müsahibədə xarici siyasətin digər mühüm istiqamətləri də diqqət mərkəzində oldu. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, D-8 və Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü ölkəmizə olan etimadın göstəricisi kimi təqdim edildi. Dövlət başçısı bu uğurların müstəqil və balanslaşdırılmış siyasətin nəticəsi olduğunu vurğuladı.
İqtisadi məsələlərə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, iqtisadi müstəqillik ölkənin əsas üstünlüklərindəndir. Qaz ixracının coğrafiyasının genişlənməsi, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və sosial rifahın yüksəldilməsi bu siyasətin real nəticələridir. Müsahibə ümumilikdə Azərbaycanın sülh, inkişaf və təhlükəsizlik üzərində qurulan gələcək strategiyasını əks etdirdi.
Elmira Əliyeva
Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın