Ötən illər Azərbaycanın iqtisadi siyasəti dayanıqlılıq və inkişaf prinsipləri üzərində qurulub. Dövlət başçısı İlham Əliyev müsahibələrində daim vurğulayır ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ölkədə sabit maliyyə mühiti, güclü dövlət strukturları və investisiya cəlb edən siyasət Azərbaycanı regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevirib. Bu, eyni zamanda beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin rəqabətqabiliyyətli iqtisadiyyat kimi qiymətləndirilməsinə də təsir göstərir.

Azərbaycanın iqtisadi gücü ölkənin sosial siyasətini də gücləndirir. Dövlət büdcəsinin əsas istiqamətlərindən biri əhalinin rifahının yüksəldilməsidir. Son illər həyata keçirilən sosial islahat paketləri milyonlarla vətəndaşın həyatına birbaşa təsir edib. Maaşlar, pensiyalar və sosial müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Bu, ölkədə iqtisadi inkişaf və sosial təminatın həssas tarazlığının qorunduğunu göstərir və dövlətin vətəndaş mərkəzli siyasətini əks etdirir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi potensialını daha da gücləndirir. Bu bölgələrdə infrastruktur, nəqliyyat və logistika sahəsində aparılan layihələr yalnız regionu inkişaf etdirmir, həm də Azərbaycanı beynəlxalq tranzit və investisiya mərkəzinə çevirir. Dövlət başçısının müsahibəsində də qeyd olunduğu kimi, ölkəmiz Mərkəzi Asiyanı Qərblə birləşdirən etibarlı ölkə kimi strateji mövqe tutur və bu, uzunmüddətli iqtisadi planların əsasını təşkil edir.
Eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı çoxşaxəlidir. Neft-qaz layihələri ilə yanaşı, qeyri-neft sektorunda da böyük uğurlar əldə edilib. Dövlət investisiyaları, innovasiya və texnologiya sahəsindəki təşəbbüslər iqtisadiyyatın dayanıqlılığını təmin edir. Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, investisiya proqramları uğurla icra olunur, həm ənənəvi, həm də Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan proqramlar davamlı nəticələr verir. Bu, ölkənin iqtisadi gələcəyinə olan inamı daha da artırır.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın