Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibədə xüsusi yer tutan mövzulardan biri Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətləri oldu. Dövlət başçısı bildirdi ki, 2025-ci il bu münasibətlərdə uzun illərdən sonra ciddi dönüş ili kimi yadda qalacaq. Xüsusilə Ermənistan–Azərbaycan müharibəsinin siyasi baxımdan sona çatması ABŞ-la əməkdaşlıq üçün əsas maneələri aradan qaldırıb.

Müsahibədə 907-ci düzəlişin tarixi və onun Azərbaycana qarşı böyük ədalətsizlik olduğu açıq şəkildə ifadə edildi. Prezident vurğuladı ki, bu düzəliş Azərbaycanın torpaqları işğal altında olduğu bir dövrdə qəbul edilmiş və erməni lobbisinin təsiri altında formalaşmışdı. ABŞ-ın əvvəlki administrasiyalarının bu məsələdə qeyri-obyektiv mövqeyi ikitərəfli münasibətlərin inkişafına ciddi zərbə vurmuşdu.
Prezident İlham Əliyev Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə vəziyyətin köklü şəkildə dəyişdiyini bildirdi. Ağ Evdə 907-ci düzəlişin dayandırılması, strateji işçi qrupunun yaradılması və ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Azərbaycan üçün mühüm siyasi siqnallar kimi dəyərləndirildi. Bu addımlar iki ölkə arasında etimadın bərpasına zəmin yaradıb.
Müsahibədən aydın olur ki, Azərbaycan ABŞ-la münasibətləri praqmatik və nəticəyönümlü əsasda qurmağa çalışır. İqtisadiyyat, nəqliyyat, enerji və hərbi-sənaye sahələrində əməkdaşlıq perspektivləri artıq real müzakirə mərhələsindədir. Prezidentin mövqeyinə görə, qarşıdakı dövrdə bu münasibətlər daha da dərinləşəcək.
Qönçə İsmayılova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın