Azərbaycanın beynəlxalq idman məkanında qazandığı mövqe təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasında idman sahəsi mühüm yer tutmuş, bu xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilmişdir. Bu gün Azərbaycan idmanı təkcə nailiyyətləri ilə deyil, formalaşdırdığı dəyərlərlə də seçilir.

Dövlət başçısının Milli Olimpiya Komitəsinin Prezidenti kimi idmana göstərdiyi xüsusi diqqət nəticəsində ölkəmizdə sağlam həyat tərzi geniş vüsət alıb. Gənclərin idmana cəlb edilməsi, onların fiziki və mənəvi baxımdan formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu yanaşma beynəlxalq yarışlarda əldə edilən yüksək nəticələrdə öz əksini tapır və hər il medal statistikası artan dinamika ilə diqqət çəkir.
Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkənin idman potensialının real göstəricisidir. Paytaxt Bakı ilə yanaşı, regionların da idman mərkəzinə çevrilməsi ölkə üzrə balanslı inkişaf modelinin uğurunu təsdiqləyir. Müasir idman infrastrukturu, Olimpiya kompleksləri və universal arenalar idmanın kütləviliyinə geniş imkanlar yaradır.
İdman uğurları eyni zamanda milli həmrəyliyin, vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir. Qalib Azərbaycanın bayrağının beynəlxalq arenalarda ucaldılması idmançılar üçün əlavə məsuliyyət və qürur mənbəyidir. Bu reallıq idmanın təkcə yarış deyil, milli kimliyin təcəssümü olduğunu bir daha sübut edir.
Məmmədli Nəzirə
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın