Müasir Azərbaycanın inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü, ardıcıl və düşünülmüş siyasət nəticəsində formalaşıb. Bu siyasət Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasına söykənərək yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilib. Prezident İlham Əliyev yalnız siyasi varis kimi deyil, müstəqil və güclü lider olaraq bu xətti zənginləşdirib, Azərbaycanı regional çərçivədən çıxararaq qlobal proseslərin fəal iştirakçısına çevirib. Bu gün ölkəmizin beynəlxalq arenada artan nüfuzu məhz bu davamlı və praqmatik siyasətin nəticəsidir.

Son 22 il ərzində həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırıb. Güclü iqtisadi baza, müasir infrastruktur, rəqabətqabiliyyətli sahibkarlıq mühiti və sosial yönümlü dövlət siyasəti ölkə vətəndaşlarının rifah halının yüksəlməsinə xidmət edib. Dövlət başçısının fəaliyyətində əsas prioritet hər zaman insan amili, vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri olub. Bu yanaşma cəmiyyətlə dövlət arasında möhkəm etimad körpüsü yaradıb.
Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi də Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun nəticəsidir. Balanslaşdırılmış diplomatik xətt, etibarlı tərəfdaşlıq münasibətləri və beynəlxalq təşəbbüslərdə fəallıq ölkəmizin qlobal miqyasda söz sahibinə çevrilməsinə imkan verib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi bu etimadın bariz göstəricisidir.
Prezident İlham Əliyevin liderliyi ilə qazanılan 44 günlük Vətən müharibəsi Zəfəri isə müasir tariximizin ən parlaq səhifəsidir. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də siyasi iradənin, milli birliyin və güclü dövlət idarəçiliyinin təntənəsidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu sübut edir. Qarşıdakı dövrdə ölkəmizi daha böyük nailiyyətlər və uğurlar gözləyir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın