Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiq dairəsi daha da genişləndirilib.
Müstəqillik dövründə respublikamızda xeyli sayda verilmiş əfv sərəncamı və amnistiya aktı nəticəsində 10 minlərlə insan azadlığa qovuşub. Cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, humanizm və mərhəmət prinsipləri ölkə başçsının fəaliyyətinin əsas istiqamətlərindəndir.
Tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də öz əksini tapır. Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət ayırması təsadüfi deyil. Məhz onun rəhbərliyi dövründə ölkəmizdə hüquq sisteminin humanistləşdirilməsi, cəzaların fərdiləşdirilməsi, cəmiyyətə yenidən inteqrasiyanın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Amnistiya aktları da bu siyasətin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu sənədlər bir tərəfdən hüquqi mexanizmlərin çevikliyini nümayiş etdirir, digər tərəfdən isə insanlara ikinci şans verilməsi prinsipini ön plana çıxarır.
Cənab Prezident İlham Əliyev tərəfindən təşəbbüs edilən amnistiya aktının “Konstitusiya və Suverenlik ili” və tarixi Zəfərimizin 5-ci ilində həyata keçirilməsi olduqca təqdirəlayiqdir. Amnistiya aktının layihəsində əsas istiqamətlərdən biri də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, eləcə də bu döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı təxribatı nəticəsində əlil olmuş şəxslərin, həmçinin qadınların, 60 yaşa çatmış şəxslərin, yetkinlik yaşına çatmayan şəxslərin cəzadan və cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bütövlükdə belə bir layihənin irəli sürülməsi cəzasını çəkmiş şəxslərə yenidən cəmiyyətə qayıtmaq, ailələrinə qovuşmaq və gələcək həyatlarını qanunauyğun şəkildə qurmaq imkanları yaradacaq. Eyni zamanda sosial adaptasiyasına şərait yaradaraq cəmiyyətdə ictimai sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Bu amnistiyanın qüvvəyə minməsi ölkəmizdə hüququn və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Aygün Məmmədli
YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın