Prezident İlham Əliyevin amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin humanizm, sosial ədalət və milli həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu təşəbbüs yalnız hüquqi akt deyil, həm də cəmiyyətə verilən mənəvi mesajdır: dövlət insanı, onun taleyini və gələcəyini daim diqqət mərkəzində saxlayır. Bu yanaşma Azərbaycan dövlətinin gücünü və dərin sosial məsuliyyətini bir daha nümayiş etdirir.

Amnistiya aktının əsas mahiyyəti müharibə iştirakçılarına, şəhid ailələrinə və hərbi təxribatlar nəticəsində zərər çəkmiş vətəndaşlara xüsusi həssaslıq göstərilməsidir. Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin və onların yaxınlarının bu aktda ayrıca qeyd olunması dövlətin qəhrəmanlıq salnaməsinə verdiyi yüksək dəyərin ifadəsidir. Bu addım cəmiyyətə açıq mesaj verir ki, Azərbaycan dövləti öz müdafiəçilərini unutmur və hər zaman onların yanında dayanır.
Eyni zamanda, amnistiya təşəbbüsü sosial baxımdan həssas qrupların – qadınların, yaşlıların, yetkinlik yaşına çatmayanların, az ağır və ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin taleyinə humanist yanaşmanı təcəssüm etdirir. Bu şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması onların yenidən cəmiyyətə inteqrasiyasını təmin edir, hüququn tərbiyəedici və islahedici funksiyasının tətbiqini ön plana çıxarır. Bu, həm də sosial sabitliyin qorunması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Anar Cəbizadə
Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, YAP Şuşa rayon təşkilatının 37 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın