
Azərbaycanın müasir inkişaf mərhələsində humanizm və hüquqi ədalət anlayışları dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu siyasətin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və onun təşəbbüsü ilə amnistiya və əfv institutları yaradılıb. Həmin dövrdən etibarən qəbul edilən qərarlar minlərlə insanın taleyində dönüş nöqtəsi olub, cəmiyyətdə dövlətə olan inamı gücləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu humanist yanaşma yeni mərhələyə yüksəlib. Xüsusilə 2021-ci ildə Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı tətbiq dairəsinə görə uzun müddət ən geniş amnistiya kimi tarixə düşmüşdü. Bu qərar təkcə hüquqi sənəd deyil, eyni zamanda Qələbədən sonra formalaşan milli birlik və sosial həmrəyliyin ifadəsi idi. Dövlət güclü olduğu üçün bağışlamağı bacardığını praktik addımlarla nümayiş etdirdi.
“Konstitusiya və Suverenlik İli”ndə irəli sürülən yeni amnistiya təşəbbüsü isə daha geniş miqyaslı humanist addım kimi dəyərləndirilir. Müharibə iştirakçıları, şəhid ailələri, sosial həssas qruplar və az ağır cinayətlər törətmiş şəxslərin bu aktda nəzərə alınması hüquqi ədalətin insani ölçüsünü ön plana çıxarır. Bu təşəbbüs Prezident İlham Əliyevin insana verdiyi yüksək dəyərin və dövlətin mənəvi gücünün bariz nümunəsidir.
Kamalə Səfərova
Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın