Müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını insan hüquq və azadlıqlarının etibarlı qorunması, sosial ədalətin təmin olunması və vətəndaşların rifahının yüksəldilməsi təşkil edir. Müstəqil dövlət kimi formalaşdığı ilk illərdən etibarən Azərbaycan hüquqi və demokratik cəmiyyət quruculuğunu prioritet vəzifə kimi müəyyənləşdirib. Bu istiqamətdə aparılan ardıcıl islahatlar dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı gücləndirib, hüququn aliliyinin praktik təminatına çevrilib. İnsan amilinə əsaslanan idarəçilik modeli ölkənin dayanıqlı inkişafını şərtləndirən mühüm faktorlardandır.

Bu konseptual yanaşmanın təməlində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi dayanır. Onun siyasi fəaliyyətində insan ləyaqətinə hörmət, ədalət və mərhəmət prinsipləri xüsusi yer tutmuşdur. Hüquqi islahatların dərinləşdirilməsi, Konstitusion əsasların möhkəmləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin maraqlarının nəzərə alınması Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin əsas elementləri olmuşdur. Bu baxışlar cinayət-hüquq siyasətində də öz əksini taparaq cəzanın tərbiyəvi və islah yönümlü mahiyyətini ön plana çıxarmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi irs yeni reallıqlara uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsləri ilə həyata keçirilən sosial və hüquqi qərarlar cəmiyyətin humanist dəyərlər üzərində inkişaf etdiyini göstərir. Əfv və amnistiya institutlarının tətbiqi təkcə hüquqi akt deyil, eyni zamanda sosial məsuliyyət və insanpərvərlik nümunəsidir. Bu yanaşma Azərbaycanda güclü dövlətlə yanaşı, güclü cəmiyyətin formalaşmasına xidmət edir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın