Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsi dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biridir. Bu mərhələ yalnız torpaqların azad edilməsi ilə məhdudlaşmır, eyni zamanda hüquqi sistemin bütövləşməsi, milli iradənin tam reallaşması deməkdir. Məhz belə bir tarixi kontekstdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü ilə çıxış etməsi dövlətin öz gücünə və cəmiyyətinə olan inamının göstəricisidir. Bu addım göstərir ki, qalib Azərbaycan dövləti cəza mexanizmlərini humanist yanaşma ilə tamamlayaraq, hüququ insan taleyi ilə uzlaşdırmağı bacarır.

Amnistiya aktının əhatə dairəsi sosial baxımdan həssas və dövlət üçün xüsusi əhəmiyyət kəsb edən qrupları əhatə etməsi ilə seçilir. Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, şəhid olmuş və itkin düşmüş qəhrəmanlarımızın ailə üzvləri, Ermənistanın mülki əhaliyə qarşı təxribatları nəticəsində əlil olmuş şəxslər bu sənəddə prioritet yer tutur. Bununla yanaşı, qadınlar, yaşlılar və yetkinlik yaşına çatmayanların da nəzərə alınması sosial ədalətin real məzmunla doldurulduğunu göstərir. Bu yanaşma hüququn yalnız normativ çərçivədə deyil, həyatın konkret reallıqları fonunda tətbiq olunduğunu təsdiqləyir.
Minlərlə insanın azadlığa qovuşması və cəza müddətlərinin azaldılması cəmiyyətin sosial-psixoloji mühitinə müsbət təsir göstərəcək. Bu qərar ictimai etimadın möhkəmlənməsinə, ailə institutunun qorunmasına və sosial sabitliyin təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin amnistiya təşəbbüsü bir daha sübut edir ki, müasir Azərbaycan dövləti yalnız hüquqi mexanizmlərlə deyil, mənəvi məsuliyyət hissi ilə də idarə olunur. Dövlət vətəndaşının səhvindən nəticə çıxaracağına inanır və ona yenidən cəmiyyətə qayıtmaq imkanı yaradır.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın