Azərbaycan-Slovakiya münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qalxaraq hər sahədə yeni əməkdaşlıq imkanları yaratmaqdadır. Prezident İlham Əliyevin 8 dekabr tarixində həyata keçirdiyi Slovakiya səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bu səfər həm siyasi dialoqun dərinləşməsinə, həm də qarşılıqlı iqtisadi layihələrin genişləndirilməsinə təkan verdi. Bratislavada göstərilən yüksək səviyyəli qəbul iki ölkə arasında dostluq və etimad mühitinin nə qədər möhkəm olduğunu təsdiqlədi.

Münasibətlərin tarixi kökləri 1990-cı illərin əvvəllərinə dayanır. Slovakiya 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanımış, 1993-cü ildə isə rəsmi diplomatik əlaqələr yaradılmışdır. 2019-cu ildə Slovakiyanın Azərbaycanda səfirliyinin açılması və 2023-cü ilin iyulunda Azərbaycan səfirliyinin Bratislavada fəaliyyətə başlaması əlaqələrin rəsmi çərçivəsini daha da genişləndirib. 2009-cu ildən fəaliyyət göstərən fəxri konsulluq isə münasibətlərin sosial-humanitar sahəsinə töhfə verib.
Prezidentlər arasında keçirilən görüşlərdə müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olundu. Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidentinin rəsmi səfərinin tarixi əhəmiyyətini vurğuladı və iki ölkə arasında böyük potensialın mövcud olduğunu qeyd etdi. Prezident İlham Əliyev isə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirərək, bundan sonra əlaqələrin daha geniş formatda inkişaf etdiriləcəyinə inamını ifadə etdi.
Enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlıq qarşıdakı illər üçün prioritet istiqamətlər kimi müəyyənləşdirildi. Azərbaycanın zəngin qaz ehtiyatları Avropa bazarları üçün mühüm alternativ mənbədir və Slovakiya bu imkanlardan yararlanmaq niyyətini açıq şəkildə ifadə edir. Bununla yanaşı, Ağdamın Baş Qərvənd kəndində slovak şirkətlərinin icra etdiyi tikinti layihəsi iki ölkə arasında iqtisadi əməkdaşlığın praktiki nəticəsidir.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın