Azərbaycan Avropanın enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynayır və bu fakt Slovakiya ilə münasibətlərin inkişafında həlledici amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəsmi səfəri zamanı enerji sahəsi əsas müzakirə mövzularından biri olub. Azərbaycan qazının hazırda 14 ölkəyə ixrac edilməsi və bunun mühüm hissəsinin Avropa istiqamətinə yönəlməsi Bakının enerji siyasətinin regional əhəmiyyətini bir daha göstərir. Slovakiyanın bu zəncirə qoşulması onun enerji strategiyasında mühüm yenilik yaradır.

Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Dövlət başçısının bəyanatında qeyd etdiyi kimi, ölkədə hazırda istifadə olunmayan təxminən 2 giqavat əlavə enerji gücü var və növbəti illərdə bu rəqəm ən azı 8 giqavata çatdırılacaq. Bu fakt Avropa ilə yaşıl enerji əməkdaşlığı baxımından yeni imkanlar yaradır. Slovakiya kimi sənaye yönümlü ölkələr üçün yaşıl enerji sahəsində tərəfdaşlıq gələcək əməkdaşlığın vacib istiqaməti ola bilər.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə iki ölkə münasibətlərinin daha bir strateji komponentidir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Avrasiyanın əsas tranzit qovşağına çevrilib. Bu infrastruktur həm Mərkəzi Asiya, həm Qara dəniz regionu, həm də Avropa ilə bağlı ticarət axınlarında Azərbaycanın rolunu artırır. Slovakiya üçün bu dəhlizlərə qoşulmaq yeni iqtisadi çıxış imkanları yaradır.
Bu əməkdaşlıq istiqamətlərinin hər biri qarşılıqlı iqtisadi faydaya əsaslanır və iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün institusional baza yaradır. Səfər zamanı müzakirə olunan nəqliyyat layihələri və mümkün aviareyslər əlaqələrin daha da gücləndirilməsinə şərait yaradacaq. Enerji və nəqliyyat platformaları üzərində qurulan tərəfdaşlıq gələcək iqtisadi inteqrasiyanın əsasını təşkil edir.
Elçin Dadşov
Şuşa rayon 7 № li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın