Enerji sahəsi Azərbaycan–Slovakiya münasibətlərində prioritet istiqamətlərdən biri kimi çıxış edir və Prezident İlham Əliyevin səfəri çərçivəsində bu mövzu əsas müzakirə predmetlərindən olub. Azərbaycan qazının 2024-cü ildən etibarən Slovakiyaya çatdırılması bu ölkənin enerji təhlükəsizliyi strategiyası baxımından əhəmiyyətli addımdır. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir və ixracın təxminən yarısını Avropa ölkələri təşkil edir ki, bu da ölkəmizin Avropa üçün enerji təminatı baxımından artan rolunu göstərir.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq isə regional ticarət marşrutlarının inkişafında tərəflər üçün yeni imkanlar yaradır. Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin əsas ölkələrindən biri kimi tranzit infrastrukturunu modernləşdirir və yükdaşımaların həcmini artırmaq üçün investisiyalar yatırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Mərkəzi Asiyadan Avropaya ən etibarlı marşrut məhz Azərbaycan üzərindən keçdiyindən, Slovakiyanın bu prosesə qoşulması Avropa-Asiya ticarət axınlarında onun rolunu gücləndirə bilər.
Enerji və logistika sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə birbaşa təsir göstərir. Slovakiyanın region ölkələrinə Azərbaycan vasitəsilə çıxış əldə etməsi, həmçinin alternativ enerji mənbələri ilə bağlı layihələrdə iştirakı ikitərəfli münasibətləri daha davamlı edir. Bu konfiqurasiya həm də digər sahələrdə, o cümlədən sənaye və texnologiya sahələrində əməkdaşlıq üçün əlavə mexanizmlərin formalaşmasına şərait yaradır.
Gülsarə Abbasova
Respublikanın “Əməkdar mədəniyyət işçisi”, Şuşa Rayon Mərkəzləşdirilmiş Sistemin direktoru,YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın