Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri beynəlxalq mühitdə etibarlı tərəfdaş imicini möhkəmləndirməkdir. Dövlət başçısı İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi ikitərəfli səfərlər bu siyasətin davamlı xarakter daşıdığını göstərir. 8 dekabr 2024-cü il tarixində reallaşan Slovakiya səfəri isə münasibətlərin strateji müstəvidə inkişafını şərtləndirən mühüm hadisə kimi dəyərləndirilir. Bu səfərlə Azərbaycan-Slovakiya əlaqələri yeni keyfiyyət mərhələsinə qədəm qoydu.

Tarixi faktlar iki ölkə arasında diplomatik münasibətlərin uzunmüddətli və səmərəli əməkdaşlığa əsaslandığını bir daha sübut edir. Slovakiya 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanıdığı gündən bəri münasibətlər yüksələn xətlə davam etmişdir. 1993-cü ildə diplomatik münasibətlərin qurulması, 2019-cu ildə Slovakiyanın Bakıda səfirlik açması və 2023-cü ildə Azərbaycanın Bratislavada səfirliyini təsis etməsi siyasi əlaqələrin institusional cəhətdən genişləndirilməsinin göstəricisidir. Bu proses əməkdaşlığın dərinləşməsi üçün vacib baza formalaşdırıb.
Prezidentlərin Bratislava görüşündə səsləndirdikləri fikirlər münasibətlərin gələcəyinə dair nikbin mənzərə yaradır. Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidentinin ilk rəsmi səfərinin tarixi məna kəsb etdiyini xüsusi vurğuladı. Tərəflərin dostluq ruhunda keçən dialoqu, eyni zamanda, ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində xeyli sayda yeni təşəbbüsləri gündəmə gətirdi. Qarşıdakı dövrdə bu təşəbbüslərin konkret layihələrə çevrilməsi gözlənilir.
İqtisadi əməkdaşlıq isə əlaqələrin ən dinamik inkişaf edən sahələrindən biridir. Ağdam rayonunun Baş Qərvənd kəndində slovak şirkətlərinin iştirakı ilə fərdi yaşayış evlərinin tikintisi artıq reallaşan əməkdaşlıq nümunələrindəndir. Enerji sektorunda isə Azərbaycan qazının Avropaya, o cümlədən Slovakiyaya potensial tədarükü əməkdaşlığın strateji əhəmiyyət daşıyan istiqamətidir. Bu, təkcə iqtisadi fayda deyil, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Bir şərh yazın