Azərbaycan–Slovakiya münasibətləri son illər ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Bratislavaya səfəri və verdiyi bəyanatlar bu əməkdaşlığın möhkəm təmələ əsaslandığını, qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu və münasibətlərin çoxşaxəli şəkildə genişləndiyini nümayiş etdirir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əməkdaşlıq üçün hüquqi və institusional baza yaratmaqla əlaqələrin yeni mərhələyə qalxmasına şərait yaradıb. Bu sənədin icrası çərçivəsində enerji, müdafiə sənayesi, nəqliyyat və texnologiya sahələrində konkret addımlar atılıb.
Enerji əməkdaşlığı iki ölkənin münasibətlərində prioritet istiqamət hesab olunur. 2024-cü ildə ilk dəfə Azərbaycan qazının Slovakiyaya çatdırılması Avropa enerji xəritəsində Azərbaycanın strateji rolunu gücləndirib. Hazırda ölkəmiz 14 dövlətə qaz ixrac edir, ümumi ixrac həcmi 25 milyard kubmetrdir və bunun yarısı Avropa bazarına yönəlir. Prezident İlham Əliyev vurğulayıb ki, yeni qaz yataqlarının istismara verilməsi Slovakiyaya və region ölkələrinə tədarükü daha da genişləndirəcək. Bu imkanlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Səfər çərçivəsində müdafiə sənayesi, nəqliyyat və informasiya texnologiyaları sahəsində əməkdaşlıq da müzakirə olunub. Slovakiya ilə birgə texnologiya transferi və yerli istehsalın inkişafı, həmçinin data mərkəzləri və yaşıl enerji layihələri gələcək əməkdaşlıq perspektivlərini genişləndirir. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində oynadığı rol, Orta Dəhliz layihəsindəki iştirakı isə Slovakiya ilə strateji iqtisadi əlaqələri gücləndirir. Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın