Azərbaycanla Slovakiya arasında son dövrdə müşahidə olunan siyasi və iqtisadi dinamika ikitərəfli əməkdaşlığın keyfiyyət baxımından yeni mərhələyə keçdiyini göstərir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması bu prosesi sürətləndirən əsas faktor olub. Prezident İlham Əliyevin 8 dekabrda Slovakiyaya rəsmi səfəri çərçivəsində aparılan müzakirələr və səsləndirilən mövqelər münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin davam etdirildiyini təsdiq edir. Hər iki tərəf mövcud əməkdaşlıq mexanizmlərinin genişləndirilməsini prioritet hesab edir.

Enerji sahəsi tərəflər arasında əməkdaşlığın struktur komponentlərindən biri kimi çıxış edir. Azərbaycan qazının 2024-cü ildə ilk dəfə Slovakiyaya çatdırılması bu ölkənin enerji şaxələndirilməsi siyasətinə ciddi töhfə verib. Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və ümumi ixrac həcminin yarısını Avropaya yönəldir. Bu göstəricilər Slovakiya ilə enerji sahəsində əməkdaşlığın uzunmüddətli xarakter daşımasına imkan yaradır. Yeni yataqların işlənməsi nəticəsində ixrac imkanlarının artırılması Slovakiya üçün də əlavə təminat mənbəyi formalaşdırır.
Müdafiə sənayesi üzrə aparılan danışıqlar əsasən sənaye kooperasiyası və texnoloji istehsalın təşkili ilə bağlıdır. Azərbaycan bu sahədə sinerji yaratmaq məqsədilə Slovakiya texnologiyalarının ölkədə istehsal imkanları ilə birləşdirilməsində maraqlı olduğunu bildirib. Slovakiyanın Azərbaycanda keçirilən Qələbə Günü tədbirlərində yüksək səviyyədə təmsil olunması iki ölkə arasında siyasi etimadın güclü olduğunu göstərən mühüm indikatorlardan biridir. Bu, müdafiə sənayesində qarşılıqlı fəaliyyət üçün etibarlı zəmin yaradır.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq isə regional ticarət marşrutlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizində aparıcı ölkələrdən biri olaraq tranzit infrastrukturuna investisiyaları artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı marşrut məhz Azərbaycan üzərindən keçir. Bu şərait Slovakiyanın regiondakı ticarət axınlarına daha aktiv qoşulmasına imkan yaradır və iki ölkə arasında logistik əməkdaşlığı genişləndirir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini

Bir şərh yazın