Azərbaycan ilə Slovakiya arasında münasibətlər uzun illərdir ardıcıl şəkildə inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə çatmışdır. Prezident İlham Əliyevin 8 dekabr səfəri bu əlaqələrin daha da möhkəmlənməsi baxımından yeni mərhələ yaratdı. Səfər çərçivəsində aparılan geniş müzakirələr ikitərəfli münasibətlərin gələcək istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Həm siyasi, həm iqtisadi, həm də texnoloji sahələrdə tərəflər arasında geniş əməkdaşlıq perspektivlərinin olduğu bir daha təsdiqləndi.

Azərbaycan-Slovakiya münasibətlərinin tarixi əsasları möhkəmdir. Slovakiya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanımış, 1993-cü ildə diplomatik münasibətlər rəsmi şəkildə qurulmuşdur. 2019-cu ildə Slovakiya Azərbaycanda, 2023-cü ilin iyulunda isə Azərbaycan Slovakiyada səfirlik açmaqla bu əlaqələrə yeni nəfəs vermişdir. Fəxri konsulluğun da 2009-cu ildə fəaliyyətə başlaması iki ölkə arasında dostluğun və qarşılıqlı maraqların davamlılığını nümayiş etdirir.
Slovakiya Prezidenti Peter Pelleqrininin səfəri yüksək qiymətləndirməsi və onun rəsmi tarixdə ilk olması iki ölkə arasındakı münasibətlərə xüsusi məna qazandırdı. Prezident İlham Əliyev görüşlərdə qeyd etdi ki, qarşılıqlı əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu səviyyə qarşıdakı illərdə daha geniş sahələrdə əməkdaşlığın qurulmasına şərait yaradacaq. Tərəflərin siyasi iradəsi ortaq məqsədlərin həyata keçirilməsi üçün güclü baza formalaşdırır.
Enerji təhlükəsizliyi və müdafiə sənayesində əməkdaşlıq xüsusi diqqət mərkəzindədir. Azərbaycanın Avropanın enerji təminatında artan rolu Slovakiya üçün də strateji əhəmiyyət daşıyır. Eyni zamanda, müdafiə sənayesində birgə istehsal layihələri texnoloji inkişaf və ixrac imkanları baxımından böyük perspektivlər vəd edir. Yeni texnologiyalar, xüsusilə data mərkəzləri və süni intellekt infrastrukturu üzrə əməkdaşlıq isə gələcəkdə iqtisadi əlaqələrin əsas dayaqlarından birinə çevriləcək.
Qönçə İsmayılova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın