Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatı tərəfindən tədbir təşkil olunub.
Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən natiqlər Laçının azad edilməsinin Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyətindən, bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun qorxmazlığı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik, qətiyyətli rəhbərliyinin həlledici rolundan söz açıblar.
Qeyd olunub ki, Laçın həm strateji mövqeyi, həm də tarixi-mədəni irsi ilə xüsusi önəm daşıyır və onun azad olunması 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin ən mühüm mərhələlərindən biri kimi yaddaşlara həkk olunub. Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, birlik və həmrəyliyin simvoludur.
Tədbir iştirakçıları vurğulayıblar ki, bu gün Laçında və digər azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, doğma yurdlarına qayıdan sakinlər üçün müasir həyat şəraiti yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı yeni tarixi mərhələnin əsasını təşkil edir.
Çıxışlarda həmçinin gənclərin milli ruhda tərbiyəsi, şəhidlərimizin adlarının daim uca tutulması və tarixi Qələbəmizin gələcək nəsillərə doğru şəkildə çatdırılmasının vacibliyi qeyd edilib.





Bir şərh yazın