44 günlük Vətən müharibəsi Azərbaycan milli yaddaşında yeni bir parlaq səhifə açdı. Bu savaş təkcə Azərbaycanın 30 ildən artıq davam edən işğala son qoyması ilə nəticələnmədi, həm də ölkəmizin son üç əsrlik tarixində ilk dəfə olaraq regional və beynəlxalq güc balansını öz xeyrinə dəyişən tarixi dönüş nöqtəsi oldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqın birliyi və ordumuzun gücü sayəsində Azərbaycan ədaləti bərpa edərək öz torpaqlarını azad etdi, beynəlxalq hüququ real müstəviyə gətirdi və regionda yeni geosiyasi reallıq yaratdı.
Uzun müddət beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupu 29 il ərzində problemi həll etməyə deyil, dondurulmasına çalışdı. Təcavüzkarla işğala məruz qalan arasında eyni məsafədən dayanmaqla, qondarma “neytrallıq” adı altında faktiki olaraq status-kvonu qoruyub saxlamaqla məşğul oldular. Bütün bu illər ərzində beynəlxalq hüququn tələbləri, BMT qətnamələri kağız üzərində qaldı, dünyada ədalətə və insan haqlarına olan inam zərbə aldı. Azərbaycan xalqı tək qalmasına baxmayaraq mübarizə əzmini qorudu və nəhayət, 2020-ci ildə öz haqq savaşını müzəffər şəkildə başa vurdu.
Bu Qələbə nəticəsində ölkənin bütün işğaldan azad olunmuş ərazilərində dövlət səviyyəsində xüsusi günlərin təsis edilməsi milli yaddaşımızın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəlbəcər şəhəri günü – 25 noyabr tarixi də həmin parlaq qayıdışın simvoludur. Bu tarix həm zəfərin, həm də işğaldan azad edilən torpaqlarımızın dövlətçilik ənənələrində tutduğu xüsusi yerin rəmzidir. Azərbaycanın qəhrəmanlıq salnaməsinin mühüm hissəsini təşkil edən bu gün xalqın yenilməz ruhunu və tarixi ədalətə qovuşmasının qürurunu yaşadır.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın