Zəfərdən sonra Kəlbəcərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü, iradəsini və inkişaf strategiyasını nümayiş etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” bölgənin gələcəyini müəyyən edən strateji sənəddir. Baş Plan Kəlbəcərin əvvəlki 130 hektarlıq ərazisinin iki dəfədən çox genişləndirilməsini, şəhər əhalisinin sürətlə artmasını və Kəlbəcərin müasir şəhər modelinə uyğun inkişafını nəzərdə tutur. Yeni sənaye zonaları, şəhər mərkəzi, turizm və sosial xidmət sahələri ilə Kəlbəcər Azərbaycanın ən müasir regionlarından birinə çevriləcək.

Hazırda 524 ailəlik böyük yaşayış kompleksinin iki mərhələ üzrə məskunlaşdırılması, Yanşaq, Zar və Zallar kəndlərində tikinti işlərinin başlanması Kəlbəcərdə həyatın bərpasının intensiv şəkildə aparıldığını göstərir. İnzibati binalar, şəhər parkı, İşğal və Zəfər muzeyləri kompleksi və digər sosial obyektlər rayonun gələcək simasını müəyyən edir. Eyni zamanda “İstisu” Müalicə-İstirahət Kompleksi kimi layihələr turizm və iqtisadi inkişaf üçün geniş imkanlar yaradır və Kəlbəcəri regionun müalicə-sağlamlıq mərkəzinə çevirir.
Bu möhtəşəm layihələrin ardıcıl şəkildə həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərin gələcəyə doğru böyük dönüşünü təmin edir. Bir zamanlar düşmən tərəfindən xarabalığa çevrilən Kəlbəcər bu gün öz övladlarının əzmi və dövlətin güclü siyasəti ilə yenidən gülüstana çevrilir. Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər yalnız bərpa olunmur, həm də Azərbaycanın ən müasir və strateji əhəmiyyətli rayonlarından birinə çevrilir.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəal üzvü

Bir şərh yazın