Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş plan regionun gələcəyini formalaşdıran əsas sənədlərdən biridir. Bu plan yalnız şəhərin fiziki yenilənməsini deyil, həm də sosial-iqtisadi sahələrin dayanıqlı inkişafını nəzərdə tutur. İşğala qədər 7 mindən çox əhalisi olan şəhərin müasir yaşayış zonaları, geniş parklar, sosial infrastrukturlar və idarəetmə mərkəzləri ilə yenidən qurulması Azərbaycanın şəhərsalma siyasətinin nə dərəcədə sistemli və məqsədyönlü olduğunu sübut edir. Ərazinin 22 faizinin yaşıllıq kimi planlaşdırılması bölgənin ekoloji harmoniyasını qorumağa xidmət edir.

Yeni salınan yaşayış komplekslərinin ilk mərhələsində 524 ailəlik məhəllənin inşası tam başa çatdırılıb və artıq yüzlərlə insan doğma yurduna qayıdıb. Bu komplekslər yalnız yaşayış sahəsi deyil, həm də müasir həyat tərzini təmin edən sosial məkanlar, məktəblər, bağçalar və rekreasiya zonaları ilə diqqət çəkir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yeni mənzillərin açarlarını sakinlərə təqdim etməsi Böyük Qayıdışın dövlət səviyyəsində yüksək diqqətlə həyata keçirildiyinin bariz nümunəsidir.
Kəlbəcərdə aparılan bərpa işlərinin ən mühüm cəhətlərindən biri tarixi irsin qorunması və şəhərin keçmiş simasının müasir üslubla uyğun şəkildə birləşdirilməsidir. Şəhərin memarlıq dizaynında həm ənənəvi ünsürlərdən, həm də müasir texnoloji həllərdən istifadə edilməsi bölgəni gələcəyin turizm və mədəniyyət mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Bu model Kəlbəcərin xüsusi strategiya əsasında inşa olunan ən nümunəvi şəhərlərdən biri olacağını göstərir. Bütün bu işlərin ardıcıl şəkildə icrası Azərbaycanın güclü dövlətçilik iradəsinin təzahürüdür.
Rafiq Kalbalıyev
YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini

Bir şərh yazın