1993-cü il aprelin 2-də Kəlbəcərin işğal olunması Azərbaycanın ən ağır humanitar faciələrindən biri idi. 53 mindən çox insan öz yurdundan didərgin düşdü, yüzlərlə mülki şəxs və hərbçi qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü və itkin düşdü. Ermənilər füsunkar təbiətə malik bu rayonu talan etdi, meşələri qırdı, abidələri dağıtdı və təbiətə, mədəni irsə düzəlməsi mümkün olmayan zərbələr vurdu. Kəlbəcərin isti su bulaqları, yaylaqları, qədim abidələri erməni vandalizminin hədəfinə çevrildi.

2020-ci ildə Qələbəmizdən sonra imzalanan 10 noyabr Üçtərəfli Bəyanatına əsasən Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana təhvil verildi. İşğalçılar bölgəni tərk edərkən evləri, bağları, meşələri yandırmaqla öz barbar mahiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdilər. Ermənistanın qeyri-qanuni məskunlaşdırdığı əraziləri tərk edən şəxslərin törətdiyi vəhşiliklər beynəlxalq ictimaiyyətin gözü qarşısında baş versə də, bu əməllər dünya birliyi tərəfindən lazımi siyasi qiymət almadı. Lakin bütün bunlara baxmayaraq Azərbaycan dövləti öz humanist və sivil mövqeyini qoruyaraq bölgənin bərpasına dərhal başladı.
Kəlbəcərin azad olunması Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun şücaətinin və xalqın birliyinin nəticəsi idi. Bu gün isə Kəlbəcər öz dirçəliş dövrünü yaşayır. Şəhərin tarixi gününün təsis olunması, təntənə ilə qeyd edilməsi və dövlət quruculuğu layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi Kəlbəcərin Azərbaycanın siyasi, tarixi və mədəni həyatında tutduğu əhəmiyyəti bir daha vurğulayır.
Zərifə İbrahimova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın